Ən yaxşı biznes ideyalar: biznes ideyanı necə tapmaq olar?
Bir çoxumuz biznes qurmaq üçün maliyyə sıxıntısı çəkərkən, bəzilərimiz də əlində biznes qurmaq üçün yetərli məbləğ olduğu halda ideya tapmaqda sıxıntı yaşayır. Biznes ideyalarını kobud şəkildə iki hissəyə ayırmaq lazım gələrsə bunlardan birinciləri artıq uzun müddətdir sınaqdan keçirilmiş və praktikada özünü doğrultmuş biznes fikirləridir. Bu kateqoriyaya aid olan bizneslərdə uğur qazanmaq rəqabət faktorunu nəzərə aldıqda həmişə heç də asan olmur ancaq sahə üzrə müvafiq təcrübə, yaxşı komanda və maliyyə imkanları düzgün qiymətləndirilərsə arzuolunan qazancları əldə etmək mümkündür. İkinci kateqoriyaya gəldikdə isə bunlar adətən “startup” adlandıra biləcəyimiz innovativ və yenilikçi nüansları da özündə daşıyan biznes ideyalarıdır. Lakin sınaqdan keçirilməmiş və ya az sınanmış ideyalar olaraq risk payı da müvafiq olaraq çox yüksək ola bilər. Ancaq bu risk faktoru düz mütənasib ələ alınarsa ənənəvi yollardan fərqli olaraq çox daha yüksək məbləğlər gətirə bilər. Scalble(miqyaslana bilən) deyə biləcəyimiz bu biznes ideyalarının böyümək və inkişaf etmək potensialı da birincilərlə müqayisədə olduqca yüksəkdir.
Birinci iş fikirlərini ətrafınızda və hər addımbaşı müşahidə edərək rahatlıqla tapmaq mümkündür. Burada əsas məsələ yuxarıda da qeyd etdiyimiz kimi “işlək ideya”nı necə həyata keçirdəcəyinizdir. Düzgün komanda, maliyyə imkanları və rəqabətə davamlılıq kimi keyfiyyətlər bu sahələrdə sizin köməyinizə çatacaq. Onu da qeyd edək ki, görmək istədiyiniz sahə üzrə müvafiq təcrübəniz yoxdursa başlanğıcda yetəri qədər məbləği itki üçün nəzərdə tutmağınız vacib olacaq. Bu hissə haqqında növbəti yazımızda öz biznes təcrübəmizə əsaslanaraq daha ətraflı bəhs edəcəyik.
İnnovativ və yenilikçi fikirlərə gəldikdə isə bu sizin öz potensialınızdan daha çox asılıdır. Potensial dedikdə başlıcası kreativlik və “out of the box” ( hərfi tərcüməsi qutudan kənar) düşünmək bacarığınız nəzərdə tutulur. Hamının görə bilmədiyi və ya az adamın diqqətinə dəyən şeyləri görə biləcək “baxış bucağı”nız bu mənada sizin köməyinizə çata bilər. Bilinən və ya hal hazırda bazarda olan məhsullar üçün də bu bacarıq keçərli ola bilər. Hər hansı mövcud məhsulun və ya xidmətin əksik və ya əlavə etsəniz çox daha yaxşı alınar dediyiniz bir fuksionallığını, ifadəsi mümkünsə, “kəşf edərək” yenilikçi biznes fikriylə çıxış edə bilərsiniz. Digər bir alternativ isə “bringing a new solution to the existent problem” ( mövcud problemə və ya məsələyə həll gətirmək) adlandıra biləcəyimiz bazarda mövcud olan və indiyə qədər həllini tapmayan bir məsələyə “biznes həll”i gətirməkdir. Burada sizin yenə eyni qaydada kreativliyiniz və baxış bucağınız rol oynayacaq. Eləcə də araşdırma bacarığınız və müəyyən səviyyədə dil bilikləriniz varsa xarici bazarlarda mövcud olan biznes fikirlərini yerli bazar şərtlərinə adaptasiya edərək yeni və tələb görə biləcək biznes dəyəri yarada bilərsiniz.
Sonda qısaca onu qeyd edə bilərik ki, nəticədə istər yenilikçi fikirlərlə biznesə gəlin, istərsə də sınanmış biznesləri həyata keçirin, biznesin və onun mahiyyətinin özünəməxsus və ifadəsi mümkünsə, macəralarla dolu elementlərini bu və ya digər formada praktiki olaraq yaşamaq “ideya sahibi” olmaqdan çox daha faydalı olacaqdır.